Şahdəniz Mərhələ 2

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 9 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir.

Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşuna ehtiyac vardır.  Bundan sonra,  əlavə kəmər sistemləri Cənub Qaz  dəhlizi  marşrutu üzrə 6 milyard kub metr qazı  Türkiyəyə,  əlavə 10 milyard kub  metr qazı  isə Avropadakı  bazarlara çatdıracaq. Şah Dəniz qazı 2500 metr hündürlüyə qalxaraq  və dəniz  dibində 800 metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək.

Dünyanın ən böyük qaz işləmə layihələrindən biri olan Şahdəniz Mərhələ 2 ilk dəfə olaraq Xəzər qaz ehtiyatlarını Avropa bazarlarına çatdıraraq Avropa enerji təminatının artırılmasına kömək edir.

Şahdəniz Mərhələ 2 üzrə cari konsepsiyaya aşağıdakılar daxildir:

  • körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi.
  • 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması.
  • quyuları sahildəki terminal ilə birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası.
  • dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi
  • yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi.

2015-ci ilin birinci rübündə, Şahdəniz Mərhələ 2 layihəsi xeyli irəliləyiş əldə edərək bir sıra hədəflərə vaxtından əvvəl nail oldu.

Hazırda layihə sürətlə irəliləyir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər gedir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur.

Mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb.

Azərbaycanda 10 000-dən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 93%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Xəbərlərə qayıt