“The Oil and Gas Year Azerbaijan- 2015” jurnalı nəşr olundu

Azərbaycanın enerji sənayesinə dair mühüm əhəmiyyətə malik “The Oil & Gas Year Azerbaijan -2015” jurnalının 2-ci nəşrinin təqdimat mərasimi 16 fevral 2015-ci il tarixində  Fairmont otelində keçirilmişdir.

“The Oil & Gas Year” jurnalı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin media tərəfdaşlığı ilə nəşr olunmuşdur. Bu ilki nəşr “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuşdur.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov açılış nitqini yekunlaşdırdıqdan sonra ilin mükafatlandırma mərasimi başladı. O, ötən il ərzində Azərbaycanın enerji sənayesində müşahidə olunan inkişafı vurğulayaraq ölkəni qlobal enerji ictimaiyyəti ilə əlaqələndirən böyük layihələrdən söz açdı. “The Oil & Gas Year Azerbaijan-2015” jurnalına dəstəyini ifadə edən Elşad Nəsirov bildirdi ki, “The Oil & Gas Year” jurnalının əməkdaşları yüksək standartlar əsasında çalışaraq neft və qaz sənayesi üçün çox yaxşı bir vəsait hazırlayıb ərsəyə gətirdilər…bu jurnal əldə etməyə çalışdığımız hədəflərimiz barədə təkcə iştirakçıları deyil, eyni zamanda beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçündür.”

Tədbirdə “BOS Şelf” şirkətinin baş direktoru İxtiyar Axundov “İlin adamı” (“Man of the Year”) mükafatına layiq görüldü. Azərbaycanda ən böyük istehsalat ərazisi olan “BOS Şelf” ərazisinin (keçmiş “Bakı Dərin Özüllər Zavodu” ərazisi) baş direktoru İxtiyar Axundovun səmərəli idarəetməsi sayəsində şirkət Azərbyacanda həyata keçirilən Çıraq Neft Layihəsi (ÇNL) və Şah Dəniz-1 kimi böyük layihələrə cəlb olunmuşdur.

Şahdəniz layihəsinin ikinci mərhələsi çərçivəsində bütün dəniz strukturlarının tikilməsi, dənizdə dəstək baza xidmətləri və gələcəkdə dənizdə sualtı işlərin aparılması ilə bağlı öhdəlik daşıyan “BOS Şelf” şirkəti əsaslı strateji yeniliklər edərək öz ərazisini Xəzər regionunun ən çox inkişaf etmiş ərazisinə çevirmək əzmindədir. Qaynaqçılar, quraşdırıcılar və qoşucular üçün təlim mərkəzi yaradılaraq Azərbaycanda ilk dəfə 250 sayda yeni qaynaq proseduru hazırlanması nəzərdə tutulur.

Bundan başqa, Şahdəniz və sualtı işlər üzrə gələcək layihələri həyata keçirmək üçün “BOS Şelf” xüsusi sualtı obyekt, örtük obyekti, yeni anbar və sahil əraziləri inşa edəcək. Yəqin ki, ərazidə həyata keçirilən məhz bu möhtəşəm layihə şirkətin gələcəkdə 300-400 milyon dollar dəyərində, bunker, yanacaq doldurma, su və palçıq daşıma və s. gəmilərinə xidmət göstərmək üçün müvafiq avadanlığa malik 1.7 km uzunluğunda sahilyanı ərazi salaraq dəniz layihələrinə xidmət göstərən loqistik mərkəzə çevrilməsi üçün stimul olmuşdur.

Tədbirdə Saipem-BOS Şelf-Star Gulf konsorsiumu “İlin müqaviləsi” mükafatı ilə təltif olundu. 2014-cü ilin aprel ayında Saipem-BOS Şelf-Star Gulf konsorsiumu Şahdəniz yatağının işlənməsinin ikinci mərhələsi üzrə BP ilə dəniz qurğularının hazırlanması, daşınması və quraşdırılmasına dair iri müqaviləyə imza atdı. Bu müqavilənin iş həcminə çəkisi 45,000 tondan artıq olan dayaq bloku, svay və sualtı qurğuların tikintisi üzrə 750 mln. dollarlıq iki iş sifarişi və dayaq bloku, svay, üst tikililər və sualtı konstruksiyaların dənizlə daşınması və quraşdırılması, həmçinin ixrac və yataqdaxili boru kəmərlərinin çəkilməsi və dalğıc xidmətləri üzrə 1.8 milyard dollar həcmində razılaşma daxildir.

BP şirkətinə  Şahdəniz-2 layihəsinə görə “Upstream Project of the Year” mükafatı təqdim olundu. 17 dekabr 2013-cü il tarixində BP tərəfindən idarə olunan Şahdəniz konsorsiumu Şahdəniz qaz-kondensat yatağının işlənməsinin 2-ci mərhələsi üçün yekun investisiya qərarını açıqlamışdır. Şahdəniz Xəzər dənizində sualtı yatağın işlənməsi üzrə ilk layihədir. Layihəyə 26 ədəd sualtı quyunun qazılması və tamamlanması, 2 ədəd körpü əlaqəli platformanın inşası daxildir. 2-ci mərhələ üzrə il ərzində 16 milyard kub metr qazın nəql edilməsi məqsədilə qazmanın inkişaf etdirilməsi  ilə birlikdə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi 28 milyard dollar dəyərində olub, təkcə Azərbaycanda 15000 yeni iş yeri yaratmaq potensialına malikdir.

Açılış və mükafatlandırma mərasiminin sponsoru SOCAR və Fairmont oteli idi.

“The Oil & Gas Year Azerbaijan-2015” jurnalı Azərbaycanın ilkin hidrokarbonat layihələrini təchizat zənciri əsnasında ətraflı təhlil etmişdir. Jurnala müsahibəsində nazir Natiq Əliyev bildirmişdir: “Azərbaycan yeni səmərəli nəqliyyat dəhlizinin yaradılması üçün regionda enerji layihələrinin keçirilməsinin tamamilə tərəfdarıdır. “Cənub Qaz Dəhlizi” layihəsi cənub-şərqi Avropanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi və siyasi azadlığı üçün mühüm əhəmiyyətə malikdir”.

“The Oil & Gas Year” jurnalı 30-dan çox ölkəni əhatə edən araşdırmalara dair silsilə nəşrdir. “The Oil & Gas Year”  jurnalının  qlobal dövriyyəsi “BPA Worldwide” təşkilatı tərəfindən təftiş edilir. Onun 101 ölkədə 69 min beynəlxalq oxucu kütləsi var.

Xəbərlərə qayıt