Şahdəniz layihəsinin 2-ci mərhələsi, Xəzər dənizi, Azərbaycan ərazisi

Şahdəniz yatağının tammiqyaslı işlənməsi (FFD) kimi tanınan Şahdəniz layihəsinin 2-ci mərhələsi dünyanın ən böyük qaz layihələrindən biri olub, Şahdəniz yatağının qaz hasilatı gücünü ildə əlavə 16 milyard kub metr və kondensat həcmini günə daha 120,000 barel artırmağı nəzərdə tutur.

Layihənin ilkin layihələndirmə (FEED) mərhələsi 2012-ci ilin aprel ayında başlamış və yekun investisiya qərarı (FID) 2013-cü ilin dekabr ayında qəbul edilmişdir. Layihə üzrə ilkin hasilat 2018-ci ildə gözlənilir.

BP 28,8%  səhmlə yatağı istismar etdiyi halda, layihənin realizasiyası üzrə digər tərəfdaşlara SOCAR (16.7%), Statoil (15.5%), Total (10%), Lukoil (10%), NICO (10%) və TPAO (9%) kimi şirkətlər də daxildir.
Şahdəniz FFD 692 km uzunluğunda  Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi ilə birlikdə həyata keçirilir. İki komponentin inkişafı üçün ümumi investisiyanın 28 milyard dollara çatacağı gözlənilir.

Şahdəniz yatağının tarixi

Şahdəniz (‘The King of the Sea’ kimi tərcümə edilir) yatağı 1999-cu ildə Bakıdan təxminən 70km cənub-şərqdə, 50m-dən 550 metrə qədər olan dərinlikdə kəşf edilmişdir. Yatağın dəniz səviyyəsindən təxminən 6,000 m aşağıda yerləşən rezervuarları ilə birlikdə 40 trilyon kub fut (bir trilyon kub metr) həcmində qaz ehtiyatına malik olduğu ehtimal edilir.

Şahdəniz qaz yatağının işlənməsi üzrə birinci mərhələ hasilata ildə 9 milyard kub metr qaz və günə təxminən 55,000 barel kondensat hasilat gücü ilə 2006-cı ildə başladı. Şahdəniz-1 üzrə kapital xərclərinin hal-hazırkı günə 6 milyard dollar təşkil etdiyi təxmin edilir. 2013-cü ildən etibarən yataq 47,3 milyard standart kub metr (1,671 milyard standart kub fut) qaz və 99,5 milyon barel kondensat hasil etmişdir.

Şahdəniz yatağının işlənməsi üzrə ikinci mərhələ haqqında ətraflı məlumat

İşlənmə konsepsiyasına, əsasən, körpü ilə birləşdirilən iki yeni dəniz platformasının quraşdırılması, iki yarımdalma qazma qurğusu ilə 26 ədəd qaz hasil edən quyunun qazılması və on ədəd sualtı manifoldu istismar quyuları ilə birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərinin çəkilməsi daxildir.

Yeniləmə işləri, hər biri günə 900 milyon standart kub fut (mln.skf/g) hasilat gücünə malik olan qaz emaledici iki yeni texnoloji xəttin və gündəlik təxminən 105,000 barel həcminə malik kondensat emal edən avadanlıqların quraşdırılması ilə sahildəki mövcud Sanqaçal terminalında həyata keçiriləcək.

Layihə üzrə sualtı quraşdırma işləri yeni sualtı tikinti gəmisi tərəfindən həyata keçiriləcək. “İsrafil Hüseynov” boru düzən gəmisi,”Tofiq İsmayilov” dalğıc gəmisi, “Azərbaycan”  kran barjı daxil olmaqla, dəniz gəmiləri layihə üçün quraşdırma işlərinin həyata keçirilməsi məqsədilə yenilənəcək.

Şahdəniz 2 üzrə qaz ixracı

Yataqdan qazın Gürcüstan və Türkiyə üçün təchiz edilməsinə 56 diametrlik yeni paralel boru kəmərinin quraşdırılması ilə genişləndiriləcək CQBK yardım edəcək. Türkiyəyə qaz CQBK-dən təxminən 1,900 km uzanacaq və Trans Adriatik Boru kəmərinə birləşəcək Trans Anadolu boru kəməri (TAP) vasitəsilə ötürüləcək.

870 km uzunluğunda olan TAP İtaliyaya qədər Yunanıstandan, Albaniyadan və Adriatik dənizdən keçəcək. TAP qazın Şahdəniz-2 layihəsindən ixrac edilməsi üçün 2013-cü ilin iyun ayında seçilmişdir.
Qazın Gürcüstana və Türkiyəyə nəqli 2018-ci ildə başladığı halda, digər Avropa ölkələrinə ixracı bundan bir il sonra başlayacaq. Şahdəniz -2 layihəsindən 10 milyard kub metrə qədər qaz Avropa ölkələri üçün nəzərdə tutulduğu halda, 6 milyard kub metr həcmində qaz Türkiyəyə ixrac ediləcək.

Qabaqcıl texnologiya

Hər birinin çəkisi 18 ton və hündürlüyü 4 metr olan yüksək təzyiq altında işləyən etibarlı müdafiə sisteminin (HIPPS) klapanları boru kəmərlərini və digər dənizaltı qurğuları rezervuarların hər kvadrat düymdə 14,000 funta çata biləcək yüksək təzyiqinə qarşı müdafiəni təmin edəcək. HIPPS klapanı manifoldda təzyiq nəzərdə tutulan səviyyədən artıq olduqda, sadəcə 15 saniyə ərzində bağlanmağa qadirdir.
Asma qurğuların tikilməsi ilə yataqda axın sürətinin 50%-ə qədər artımına nail oluna bilər ki, bu da,  gələcəkdə qazılacaq quyuların sayını azaldacaq. Asma qurğunun, adətən, diametri yeddi düym (17.8 sm) və eni 5.5 m olur. Onlar boru kəmərlərini sualtı sistemlə birləşdirərək və qazın sualtı qurğu sisteminə quyulardan ötürüldüyü üçün təzyiq itkisini azaldaraq quyuların yuxarı hissəsində yerləşdiriləcək.

Yatağın xarici səddindən qeyri-şaquli şəkildə rezervuarların qazılmasının, daha dərin quyu hissələrinin qazılmasına imkan yaradan və yüksək təzyiq təbəqələrini izolyasiya edən möhkəm və genişləndirilə bilən borulardan istifadə olunmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Şahdəniz-2 layihəsində açıq dövrəli birbaşa elektrik enerjisi ilə isitmə sistemi istifadə ediləcək. Yüksək ötürücülü naqil axın xəttinin xarici tərəfindən qoşularaq, elektrik enerjisinin boru kəmərindən ötürülməsinə imkan verəcək. O, borunu qızdıracaq və temperaturun dəniz dibində təxminən 5°C olduğu üçün hidratların və mumun yaranmasının qarşısını alacaq.

Azərbaycan ərazisində qaz yatağının işlənməsinə cəlb edilən podratçılar

Hasilat və rayzer platforması, yaşayış və yardımçı platforma daxil olmaqla, 974 milyon dollar dəyərində üst tikililərin tikinti, barjaya yükləmə, dənizdə quraşdırılması və istismarı 2015-ci ilin yanvar ayında AMEC MMC, Tekfen İnsaat ve Təsisat və Azfen birgə müəssisəsindən ibarət olan AMECTekfenAzfen konsorsiumu tərəfindən həyata keçiriləcək. Üst tikililər AMEC şirkətinin Bibi-Heybətdə yerləşən istehsal meydançasında tikiləcək.

İki dəniz platforması və sahildə qaz emal edən qurğu üçün mühəndis-layihələndirmə və təchizat dəstəyi xidmətləri KBR tərəfindən təmin ediləcək. Dənizdə yaşayış platformaları üçün 32 milyon dollar dəyərində texniki işləmə, təchizat və tikinti haqqında müqavilə Apply Emtunga şirkətinə verilmişdir.

360km-dən artıq sualtı boru kəmərlərinin çəkilməsi, quraşdırıcı gəmilərin yenilənməsi və dalğıc dəstək xidmətlərinin təmin edilməsi daxil olmaqla, özüllərin və üst tikililərin, sualtı istehsalat sistemlərinin və sualtı konstruksiyaların dənizdə daşınması və quraşdırılması BOS Şelf, Saipem və Star Gulf tərəfindən həyata keçiriləcək.

Sualtı manifoldlar, əlaqədar idarəetmə blokları və tranzit qurğuları, əsas idarəetmə blokları və sualtı fontan qurğusu üçün birləşdirici komponentlər daxil olmaqla, sualtı sistemlərin təchiz edilməsi üçün 322 milyon dollar dəyərində müqavilə FMC Technologies şirkətinə verilmişdir.

Layihə üzrə sualtı texnologiya və layihənin idarəolunması xidmətləri Wood Group Kenny tərəfindən göstərilir. Hogan Lovells şirkəti FID (yekun investisiya qərarı) elan edilənə qədər Şahdəniz Konsorsiumu üçün hüquqi məsləhətlərin təqdim edilməsinə yardım edirdi.

Yeni SCV-nin (sualtı tikiniti gəmisi) tikilməsi üçün 378 milyon dollar dəyərində müqavilə Bakı Gəmiqayırma Zavoduna həvalə edilmişdir. Gəmi Marine Technology Development tərəfindən layihələndiriləcək və 2017-ci ildən 2027-ci ilə qədər yataqda istifadə olunacaq.

Layihə üçün yanacaq və sıxlaşdırılmış qaz işlənməsi sistemi, həmçinin sürtkü yağı sistemi və turbodetanderlər OGS tərəfindən təmin ediləcək.

Xəbərlərə qayıt